Bakı. Könül Kamilqızı-APA. Bakı Dövlət Universitetində (BDU) təqaüdlərin gecikdirilməsi ilə bağlı məsələ artıq həll olunub və bu gün axşamdan başlayaraq bütün tələbələr öz təqaüdlərini alacaqlar. Bu barədə APA-ya BDU rektorunun maliyyə və sosial məsələlər üzrə müşaviri Məzahir Sultanov məlumat verib. O bildirib ki, bu ildən Azərbaycanın ali təhsil müəssisələrində təqaüdlərin verilmə forması dəyişdirilib.
“Gecikmələr təqaüdlərin verilmə formasının və qaydasının dəyişməsi ilə bağlıdır. Belə ki, bu ildən Nazirlər Kabinetinin yeni qərarı ilə Təqaüd Fondu hər semestr üzrə tələbata uyğun olaraq vəsait ayırır. Bu vəsait isə ali təhsil müəssisələrinin büdcəsinə daxil olmur. Hər bir universitet 3 aylıq sifariş verir ki, bu semestr ərzində nə qədər təqaüdə tələbatı olacaq. Bu ilin əvvəlində universitet tərəfindən bu təklif verilib. Sadəcə qaydalar yeni olduğundan ilkin olaraq bəzi ali təhsil müəssisələrində ləngimələr olub. Artıq universitet tələblərinin təqaüd alması üçün bütün maliyyə vəsaiti ayrılıb. Tələbələrin hamısı bu gün axşam və sabah öz təqaüdlərini alacaqlar. Bu gün Bakı Dövlət Universitetində doktorant, aspirant, magistr və bakalavr pillələri üzrə təhsil alan 7 minə qədər tələbə təqaüd alır”.