Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuli rayonundakı Daştəpə kənd orta məktəbinə Azərbaycan dilində müxtəlif məzmunlu kitablar hədiyyə edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı İlyas Məmmədov, “Göyərçin” qeyri-hökumət təşkilatının sədri Səbinə Talıbova, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, Qullar kənd icra nümayəndəsi, məktəb rəhbərliyi və sakinlər iştirak ediblər.
İlyas Məmmədovun APA-ya açıqlamasında bildirib ki, tədbir Daştəpə kənd məktəbinin gürcü dili müəllimi Nona Arevadzenin təşəbbüsü ilə baş tutub. O, məktəbin problemləri ilə tanış olduğunu və gələcəkdə təhsil ocağına kompüter və digər ləvazimatlar, habelə əlavə kitablar veriləcəyini deyib.
N. Arevadze isə Azərbaycan səfirliyinin qısa müddət ərzində onun təşəbbüsünə müsbət yanaşdığını və məktəb kitabxanasına müxtəlif kitablar hədiyyə etdiyini bildirib: “Artıq 4 ildir burada çalışıram. Bu kənd və bu məktəbdə təhsil alan azərbaycanlı şagirdlər mənə öz övladlarım kimi doğmadır. Rustavi şəhərindən gəlmişəm. Beş övladım var. İstəyirəm ki, şagirdlərimiz gürcü dilini öyrənməklə yanaşı, Azərbaycan dilində olan bədii əsərlər də oxusunlar və öz dillərini daha da zənginləşdirsinlər. Mən özüm də Azərbaycan dilini öyrənirəm. Təşəbbüsümə səs verən Azərbaycan səfirliyinə böyük minnətdarlığımı bildirirəm”.