Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı şəhəri ərazisinin mikrotremor ölçü məlumatları əsasında mikroseysmik rayonlaşdırılması” layihəsi bu ilin aprelində başa çatacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, layihənin yekunu olaraq Bakı şəhərinin seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq.
Layihənin ilkin nəticələri geoloji təhlükələrin öyrənilməsi sahəsində tanınmış alim, İsveçrənin Cenevrə Universitetindən olan professor Jean-Jacques Vaqnerlə də müzakirə olunub. J.Vaqner institutun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov və şöbənin aparıcı elmi işçisi Qulam Babayevlə görüşərək, əldə edilən nəticələri yüksək qiymətləndirib və bu tədqiqatların davam etdirilməsini məqsədəuyğun hesab edib. Qonaq AMEA Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin alimləri ilə Cenevrə Universitetinin bu istiqamətdə çalışan alimlərinin müştərək elmi layihələr həyata keçirməsinin faydalı olacağını deyib.