Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda British Council-un təşkilatçılığı ilə növbəti “Education UK - Birləşmiş Krallıqda Təhsil” adlı təhsil sərgisi öz işinə başlayıb. APA-nın xəbərinə görə, iki gün davam edəcək sərginin açılış mərasimində Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov, Böyük Britaniyanın keçmiş təhsil naziri Charles Clarke, “British Council Azərbaycan”ın direktoru Elizabet Vayt və digər rəsmi şəxslər iştirak edib.
Açılışda çıxış edən nazir müavini C. Bayramov qeyd edib ki, Birləşmiş Krallıqda təhsil almaq Azərbaycan gəncləri arasında ilk seçimlərdən biridir. Onun sözlərinə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” üzrə Birləşmiş Krallıq ən çox tələbə göndərilən ölkədir: “”British Council Azərbaycan” illərdir Birləşmiş Krallıqda təhsil ilə bağlı azərbaycanlı məktəblilərin, tələbələrin və onların valideynlərinin düzgün istiqamətləndirilməsi və məlumatlandırılması ilə bağlı müxtəlif layihələr həyata keçirir. Təhsil Nazirliyi olaraq bu layihələrin həyata keçirilməsində hər zaman lazımi dəstək göstərməyə, Azərbaycan şagirdlərinin, tələblərinin Britaniyanın aparıcı məktəblərinə, peşə məktəblərinə getməsi ilə yanaşı onların bu sahədə olan təcrübəsini Azərbaycana gətirməyə hazırıq”.
Birləşmiş Krallığın 20 məktəb, kollec və dil kurslarının iştirak etdiyi sərginin keçirilməsində məqsəd müasir tələblərə akademik biliklə yanaşı müstəqil düşünmə və yaradıcılıq imkanları verən Britaniya təhsil sisteminin geniş imkanlarını tanıtmaqdır. Sərgidə məktəblilər və onların valideynləri, eyni zamanda tələbələr və Birləşmiş Krallıqda təhsil ilə maraqlanan hər bir şəxsin iştirakçı kollec, məktəb və dil kurslarının nümayəndələri ilə görüşmək və təhsil proqramları ilə bağlı geniş məlumat almaq imkanı olacaq. Eyni zamanda sərginin partnyorları, The Britain Azerbaijan Business Council və Azərbaycan Beynəlxalq Bankı tərəfindən maraqlı hədiyyələr, həmçinin sərgi iştirakçıları tərəfindən Birləşmiş Krallıqda 2-4 həftəlik pulsuz ingilis dili kursları təqdim ediləcək.