Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə «İnteqrasiya olunmuş idarəetmə sistemləri» mövzusunda seminar işə başlayıb.
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək seminarın məqsədi inteqrasiya olunmuş idarəetmə sistemlərinin tərkib hissəsi olan müxtəlif sahələr üzrə fəaliyyətlərin üstünlüklərini cəmləşdirmək, bu haqda məlumatları təbliğ etməkdir.
İnteqrasiya olunmuş idarəetmə sistemləri ekoloji səviyyənin, təhlükəsizlik və keyfiyyətin yüksəldilməsi üzrə tələblərin icrasını təmin etməyə ən optimal imkan yaradan vasitədir.
Tədbirdə çıxış edən Britaniya Standartlar İnstitutunun MDB üzrə direktoru Dmitri Yartsev Azərbaycanda standartlaşdırma, texniki tənzimlənmə sahəsində əldə olunan nailiyyətlərdən məmnunluğunu qeyd edib.