Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda HİV-AİDS-in profilaktikası, müalicəsi və qayğı-xidmət göstərilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarının artırılması layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
APA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə keçirilib.
Dəyirmi masada gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Sosial Siyasət Komitəsinin rəhbəri Hadı Rəcəbli, ARGTMŞ-ın sədri Şahin Seyidzadə, UNİCEF-in Azərbaycan üzrə direktorunun müavini Rəşid Mustafa və sağlam həyat tərzinin təbliğatçısı olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Dəyirmi masanın əsas müzakirə mövzusu Azərbaycanda QİÇS haqqında qanunun icrası və ona əlavə və dəyişikliklərin edilməsi məsələsi olub.
Layihənin rəhbəri Seymur Hüseynov layihə barədə məlumat verib. Bildirib ki, layihənin icrasına 2012-ci ildə başlanılıb və 2014-cü ildə başa çatacaq.
UNİCEF-in Azərbaycan üzrə direktorunun müavini Rəşid Mustafa isə mövzunun hamı üçün vacib olduğunu deyib:
"Məsələnin bizə aidiyyatı olmaya bilər, lakin bu bacılarımıza, qardaşlarımıza və vətəndaşlarımızla bağlı ola bilər. Deyim ki, sözügedən mövzu kifayət qədər ölkə gündəmində diqqətdə olan bir mövzudur. İndiyədək Azərbaycanda QİÇS-lə bağlı vəziyyət yüksək həddə çatmayıb. Lakin bununla belə vəziyyət sabit də deyil".
ARGTMŞ-ın sədri Şahin Seyidzadə isə görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, bu sahədə QHT və dövlət birgə çalışmalıdır.
Millət vəkili Hadı Rəcəbli deyib ki, MDB məkanında QİÇS-lə bağlı ilk qanun Azərbaycan parlamentində qəbul olunub: "QİÇS-lə bağlı ayrıca dispanserizasiya olmalıdır. Belə ki, buna yoluxan gənc qız və oğlanlar ayrıca olaraq dispanserizasiyadan keçirilməlidir”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulayıb ki, bu sahədə yaranan problemlərin qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir: "Hesab edirəm ki, bu sahədə dünya təcrübəsinin öyrəniləcək vacib məqamlar var”.
Tədbirin sonunda digər iştirakçılar fikirlərini səsləndiriblər.