Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda ümumi və ixtisaslaşdırılmış məhkəmə hakimləri ictimai birliklərinin illik yığıncağı keçirilir. APA-nın xəbərinə görə, yığıncaqda Ali Məhkəmənin, Apelyasiya, Hərbi və İnzibati-iqtisad, rayon və şəhər məhkəmələrinin hakimləri iştirak edir.
Tədbirin açılışında iştirak edən “Ümumi Məhkəmə Hakimləri” İctimai Birliyinin sədri, Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərov 10 illiyini qeyd edən birliyin fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, ictimai birlik ölkədə məhkəmə hakimlərini birləşdirmək, hakimlərin müsbət iş təcrübəsini yaymaq, hüququ məhkəmə təcrübəsini öyrənmək məqsədilə yaradılıb. Onun sözlərinə görə, ölkədə məhkəmə hüquq sisteminin daha da inkişaf etməsinə prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir: “Son 10 il müddətində məhkəmə-hüquq islahatları sahəsində bir çox uğurlar və nailiyyətlər əldə olunub. Belə ki, müasir tələblərə cavab verən iş prosesi təşkil edilib, vətəndaşların məhkəmələrə müraciət imkanları asanlaşdırılıb, hakimlərin iş şəraiti yaxşılaşdırılıb. Hazırda 300-dən çox hakimləri birləşdirən hakimlər birliyi beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində də mühüm işlər görür”.
Tədbirin davamında çıxış edən “İxtisaslaşdırılmış Məhkəmə Hakimləri” İctimai Birliyinin sədri, Sumqayıt Apellyasiya məhkəməsinin sədri Səadət Bektaşi 10 il ərzində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə danışıb.