Bakı. Şamil Əlibəyli – APA. BMT baş katibi Pan Gi Mun 16 oktyabr - Ümumdünya Ərzaq günü münasibətilə müraciət yayıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-ya verilən məlumata görə, müraciətdə vurğulanır ki, hər gün 840 milyondan artıq insan bolluq dünyasında aclıq çəkir və bu fakt özü özlüyündə mənəvi təsir və birgə addımların atılmasının səbəbi olmalıdır: “Lakin çağırış daha da ciddidir. İki milyard insan “gizli aclıq” adlanan pis qidalanmadan əziyyət çəkir. Pis qidalanma həmçinin 1,4 milyard insanın çəkisindən artıq olması, təxminən üçdə bir hissəsinin kök olması və ürək-damar, şəkər və ya digər xəstəliklər təhlükəsi qarşısında olması deməkdir. Pis qidalanmanın və son nəticədə hər bir insanın ərzaqla təmin olunma hüququnun əsasını kənd təsərrüfatı məhsullarının istehsal, emal edildiyi və dayanıqlı tərzdə istehlakçılara çatdırıldığı ətraf mühiti, insanları, müəssisə və prosesləri əhatə edən daha düzgün yanaşmalar, siyasət və sərmayələri əhatə edən daha yaxşı ərzaq sistemləri təşkil edir”.
P.G.Mun dünyanın bir çox ölkəsinin BMT-nin “Sıfır Aclıq” çağırışına qoşulmasını və dayanıqlı ərzaq sistemi naminə birgə çalışmaq öhdəliyini üzərinə götürməsini qeyd etməkdən məmnun olduğunu vurğulayıb: “Biz yalnız birlikdə hər bir kəsin hər gün yetərli və tutumlu qida ilə təmin olunmasına yardım edə bilərik. Gəlin bu gün Dünya Ərzaq Günündə həyatımızda hər kəs üçün sıfır aclığa nail olmaq məqsədini qarşımıza qoyaq”.