Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq İnsan Həmrəyliyi Günü ilə bağlı müraciət yayıb. BMT-nin Bakıdakı ofisindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bu gün dramatik keçid dövrünə təsadüf edir: “Dünyanın hər yerində insanlar daha böyük siyasi azadlıqlar, məsuliyyət və bərabərlik tələb edirlər. İqtisadi, sosial və ekoloji amillərlə yanaşı birgə qlobal qarşılıqlı asılılıq da dərinləşir. Bu reallıqları nəzərə alaraq, daha təhlükəsiz, davamlı və çiçəklənən gələcək üçün ən yaxşı şəkildə hansı həll yolları formalaşdıra bilərik? Həmrəylik qloballaşan dünyamızda problemlərin həlli üçün çox böyük əhəmiyyət kəsb edir. Biz BMT-nin bu il keçirilən Davamlı İnkişaf üzrə konfransında (Rio+20) həmrəyliyin şahidi olduq. Hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor liderləri bir araya gələrək iqtisadi, sosial və ekoloji davamlı gələcəyi təbliğ etmək barədə razılıq əldə etdilər. İnsanlar ortaq gələcəyimizi formalaşdırmaq üçün planların, siyasi xəttin, proqramların yaradılması və tətbiqində iştirak edə bilsələr, biz ortaq məqsədlərimizə nail ola bilərik. Səlahiyyət verilməyən öhdəliklər mənasız sözlər kimidir. Minilliyin İnkişaf Məqsədlərinə çatmaq yolunda əldə olunmuş tərəqqiyə baxmayaraq, 2015-ci ilin müəyyən edilmiş tarixinə qədər səylərimizi gücləndirməliyik. Biz, həmçinin 2015-ci ildən sonrakı dövrün gündəliyinin bünövrəsini qoyuruq. Bu fəaliyyət prosesi hərtərəfli olmaqla, dünyanın hər bir yerində yaşayan inkişaf mütəxəssisləri və sadə vətəndaşların mövqeyini nəzərə almağa səsləyir”.
Baş katib Beynəlxalq İnsan Həmrəyliyi Günü münasibətilə dünyanın bütün vətəndaşlarını bir ailə kimi həmrəyliyimizi gücləndirmək yolunda - ortaq məqsədlərə çatmaq üçün yardım etməyə çağırıb.