APA-nın xəbərinə görə, bunu BMT-nin Əhali Fondunun Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Zahidul Huq “Qadınlara qarşı zorakılığa “yox” deyək!” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, qadınlara qarşı zorakılığın baş verməsi bilavasitə ölkənin inkişafı ləngidən məsələdir. Z.Huqun sözlərinə görə, hər bir ölkənin davamlı inkişafı yalnız ölkə əhalisinin siyasi, sosial, iqtisadi fəaliyyətlərdə iştirak etməsi vasitəsilə təmin oluna bilər: “Qadınlar dünya əhalisinin yarısını təşkil etsə də, bəzi ölkələrdə onlar cəmiyyətdən təcrid olunmuş şəkildə qalırlar. Qadınlar öz insan hüquqlarını, azadlıqlarını azad şəkildə icra edə bilmirlər. Uşaq və ya erkən yaşda nikahların bağlanması kimi hallarla məhz qadınlar üzləşirlər. Bu isə qızlara qarşı ayrı-seçkiliyin həyata keçirilməsi deməkdir. Bəzən selektiv abortlardan qız uşaqlarının dünyaya gətirilməməsi məqsədilə istifadə edilir”.
Z.Huq qeyd edib ki, Azərbaycanda isə bu istiqamətdə vəziyyət fərqlidir. Onun sözlərinə görə, Azərbaycanda ailə planlaşdırılması, siyasi, iqtisadi, mədəni, sosial, təhsil, səhiyyə sahələrində qadınların hüquqları bərqərar edilib.