Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) mərhum akademik Budaq Budaqovun 85 illiyi qeyd edilib. APA-nın xəbərinə görə, mərasimdə çıxış edən AMEA prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə deyib ki, B. Budaqovun elm aləmində fəaliyyəti olduqca çoxşaxəli olub: “O, Böyük Qafqazın geomorfologiyasını tədqiq edən əsas alimlərdən biri olub. Alim kimi çox vətənpərvər idi. Budaq Budaqov Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşaftın geokimyasını öyrənib, ilk dəfə Azərbaycanda buzlaqları, təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq edib. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli, Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənib. Ömrünün son illərini Ağsaqqallar Şurasının sədri kimi işləyib”.
AMEA Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov isə bildirib ki, B. Budaqov Azərbaycanda coğrafiya elminin əsasını qoyub: “Keçmiş SSRİ-də ilk dəfə landşaft məktəbini Budaq Budaqov yaradıb. O, Azərbaycanda səhralaşma probleminin ilk tədqiqatçılarından birdir. Coğrafiya sahəsində mövcud olan bütün dərsliklərə görə ona borcluyuq. Azərbaycan ərazisinin irimiqyaslı landşaft xəritələrinin və atlasların tərtibində onun mühüm xidmətləri var”.