Bank Of Baku

Doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı keçirilir

Doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı keçirilir
# 19 dekabr 2013 09:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Dillər Universitetində doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransı keçirilir. APA-nın xəbərinə görə, 2 gün davam edəcək konfransın açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu gün ölkə universitetləri təhsildə keyfiyyətə təminat verən, elmin son nailiyyətlərini özündə əks etdirən, rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən təhsil, tədqiqat, innovasiya mərkəzi kimi fəaliyyət göstərməli, mütəxəssis hazırlığını beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırmalıdır.

 

C.Bayramovun sözlərinə görə, bunun üçün Azərbaycan ali təhsil müəssisələrində elmi-infrastrukturu, kifayət qədər elmi-potensialı var: “Respublikada çalışan elmlər doktorlarının 59,5%, fəlsəfə doktorlarının 62,9%-i, Azərbaycan Milli Elmlər Akademiyasının 50-dən artıq həqiqi və müxbir üzvləri məhz ali təhsil sistemində çalışır. Universitetlərdə dövlət büdcəsindən maliyyələşən elmi-tədqiqat institutları, mərkəzləri və laboratoriyaları fəaliyyət göstərir.

 

Bütün dünyada olduğu kimi Azərbaycanda da elmi-tədqiqat işlərini maliyyələşməsi həm dövlət büdcəsi, həm də bir sıra fondlar, o cümlədən beynəlxalq fondların proqramçıları çərçivəsində həyata keçirilir. Hazırda təhsil sistemində çalışan alimlər beynəlxalq fondlar tərəfindən elan olunan 52 proqramda iştirak edir, proqram çərçivəsində ayrılan qrantlar onların əlavə maliyyələşməsinə imkan yaradır. Bu gün ölkədə nəşr olunan 400-ə yaxın elmi jurnal və mətbuat Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrin dərc olunması tövsiyə olunan elmi nəşrlərin siyahısına daxil edilib”.

 

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov da belə tədbirlərin keçirilməsinin doktorantların fəaliyyətinə yeni imkanlar yaratdığını qeyd edib. Onun sözlərinə görə, universitetdə təşkil olunan konfransa 28 ali məktəbdən 425 məruzə daxil olub: “2 gün ərzində doktorantlar və gənc tədqiqatçılar müxtəlif bölmələrdə məruzələrlə çıxış edəcək, fikir mübadiləsi aparacaq.

 

Ali təhsil müəssisələrinin rektorları da çıxış edərək doktorantura sahəsində mövcud uğurlar və problemlər barədə fikirlərini bölüşüblər.

 

Qeyd edək ki, Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı dekabrın 20-dək davam edəcək və yekun sənədin qəbul edilməsi ilə başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR