Bakı. Cavid Zeynalov - APA. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin nəticələrinə əsasən, bir neçə vətəndaş müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçərək Mədəniyyət və Turizm Nazirliyinin aparatında və şəhər (rayon) mədəniyyət və turizm idarələrində (şöbələrində) olan vakant vəzifələrə təyin ediliblər.
Nazirlikdən APA-ya verilən məlumata görə, Abasquliyev Məhəmməd İsmayıl oğlu İncəsənət şöbəsinin dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunda aparıcı məsləhətçi, Kərimov Sehran Sərxan oğlu Analitik təhlil və proqram təminatı şöbəsində aparıcı məsləhətçi, Əliyev Cavid Ramiz oğlu Elm və təhsil şöbəsinin elmi-metodiki sektorunda məsləhətçi vəzifəsinə, Muradzadə Pərvanə Salman qızı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, Əhmədova Günel Həsən qızı baş məsləhətçi, Süleymanova Günay Şöhrət qızı aparıcı məsləhətçi, Məlikova Gülnar Əliheydər qızı isə beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin olunublar.
Nazirlikdən bildirilib ki, vakant vəzifələrin tutulması üçün keçiriləcək növbəti müsabiqəyə ümumilikdə 27 vəzifə təqdim edilib.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin ümumi sektorunun müdiri və Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçi vəzifələri ümumi müsahibəyə çıxarılıb.