Bakı. Könül Kamilqızı – APA. Çin Xalq Respublikasının nəzarət naziri Huang Şuxianın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdə olub.
DQMK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinin Çinin nəzarət naziri Huang Şuxian ilə görüşündə ölkələr arasında olan əməkdaşlıq və dostluq münasibətləri vurğulanaraq iki qurum arasında təcrübə mübadiləsinin vacibliyindən, dövlət qulluğunda antikorrupsiya və şəffaflıq tədbirlərinin zəruriliyindən və dövlət qulluğu sahəsi üzrə fəaliyyət istiqamətlərinin prioritet istiqamətlərindən bəhs edilib.
Görüşdə Azərbaycan Respublikası və Çin Xalq Respublikasının beynəlxalq səviyyədə daim bir-birinə dəstək verməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Çinin ədalətli mövqeyi xüsusi vurğulanıb.
Çinin İnsan Resursları və Sosial Təminat Nazirliyinin strukturuna daxil olan Test Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan Azərbaycan nümayəndə heyəti üçün imtahanların keçirilməsi proseduruna dair təqdimat edilib. Dövlət qulluğuna qəbul və vəzifədə yüksəliş məsələləri barədə Azərbaycanın təcrübəsi haqqında məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çinin Quancou və Nankin şəhərlərində müvafiq yerli qurumlarda görüşləri də keçirilib.