Bakı. Əli Əhmədov - APA-Economics. Yaxın vaxtlardan etibarən Azərbayanda pensiyaya çıxmağa hazırlaşanlar alacaqları pensiyanın məbləğini telefon vasitəsilə dəqiqləşdirə biləcəklər.
“APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti - şəffaflıq, nəzarət və gələcək pensiya təminatı vasitəsi kimi” mövzusunda xüsusi təqdimat mərasimində bildirilib.
DSMF sədri Səlim Müslümov bildirib ki, hazırda Fond tərəfindən 8 elektron xidmət göstərilir. Nazirlər Kabinetinin qərarı ilə yeni redaksiyada təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"na əsasən isə DSMF tərəfindən göstərilən elektron xidmətlərin sayı 25-ə çatdırılıb. Hazırda həmin elektron xidmətlərin aktivləşdirilərək tam istifadəyə verilməsi üçün zəruri tədbirlər görülür. Fondun göstərdiyi elektron xidmətlərdən biri vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan "Sığortaolunanlara məlumatların verilməsi" adlı məlumatlandırma sistemidir.
Bu xidmət vasitəsilə istənilən şəxs (sığortaolunan) onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana biləcək.
Fond rəhbəri bildirib ki, “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətinin təşkili üçün böyük işlər görülüb, o cümlədən 20 fevral 2013-cü il tarixə 2 351 538 nəfərə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.
S.Müslümovun sözlərinə görə, yaxın perspektivdə bu xidmətin daha da inkişaf etdirilməsi, eyni zamanda vətəndaşların 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatların da elektron qaydada sistemdə yerləşdirilməsi nəzərdə tutulur: “Bunun üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim etməsi zəruridir”. Bu məlumatlar bazaya yerləşdiriləndən sonra pensiyaya çıxmağa hazırlaşan şəxslər öz şəxsiyyət vəsiqəsindəki məlumatları təklif etməklə pensiyanın məbləği haqqında məlumatları telefonla da öyrənə biləcəklər.