Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, çağırışların sayının artması sırf bayram günlərinin olması və ya hansısa kütləvi zəhərlənmə faktları ilə bağlı deyil. Çağırışlardan 2-si evdə hazırlanmış xiyar turşusundan zəhərlənmə faktı ilə əlaqədar olub: “Stansiyaya təxminən əvvəlki günlərdə olduğu kimi eyni sayda müraciət daxil olub”.
Həkimin sözlərinə görə, bayram günlərində yol-nəqliyyat hadisələrinin sayında da azalma müşahidə olunub: “Belə ki, 5 avto-nəqliyyat hadisəsi olub, nəticədə 11 nəfər zərər çəkib. 9 nəfər xəstəxanaya yerləşdirilib, 2 nəfərə isə yerində yardım göstərilib. Qaradağ rayonunda “Qaz emalı Zavodu”nun qarşısında baş verən avtoqəza zamanı isə 4 nəfər xəsarət alıb, 3 qadın, 1 kişi xəstəxanaya yerləşdirilib. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə 1 bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanan 53 yaşlı kişi 3 saylı Xəstəxanaya yerləşdirilib”.