Lənkəran. Ağəddin Babayev - APA. 6 ay öncə velosipedlə dünya səyahətinə çıxmış ingiltərəli Vilyam Klifford bu gün Azərbaycandan İran İslam Respublikasının ərazisinə istiqamət götürüb.
APA-nın cənub bürosunun məlumatına görə, Vilyam Klifford dünya səyahətinə Avstriyadan başlayıb. Sloveniya, Macarıstan, Albaniya, Bosniya, Turkiyə və Gürcüstandan sonra Azərbaycana gəlib. İngiltərəli velosipedçinin dünya səyahətinə çıxmaqda başlıca məqsədi ayrı-ayrı xalqların mədəniyyəti, adət-ənənələri ilə yerindəcə tanış olmaqdan ibarətdir.
Beş gündür Azərbaycan ərazisində olan Vilyam Klifford xalqımızın qonaqpərvərliyindən məmnun qaldığını bildirib: “Ölkənizin ərazisinə daxil olanda maşınlar mənə siqnal verir, insanlar "Salam" deyirdilər. Mənə çörək yeməyi, istirahət etməyi təklif edənlər də az deyildi”.
İngiltərəli səyahətçinin sözlərinə görə, velosipedi ilə saatda 15-25 kilometr məsafə qət edir. Yol boyu ona çoxlu ərzaq və meyvə verrilməsinə baxmayaraq, o, özü ilə əlavə yüklər daşıya bilmədiyindən, onları rastına çıxan digər insanlara paylayır. Vilyam Klifford İrandan Türkmənistana keçməklə səyahətini Hindistanda tamamlamağı planlaşdırıb.