Bakı-APA. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir qrup nümayəndə heyəti ilə İtaliyanın Turin şəhərində işgüzar səfərdə olub.
Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyətinə İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin direktoru Fuad Əliyev və Gəncə Şəhər Səhiyyə idarəsinin rəisi Mehman Rzayev daxil olub.
Nümayəndə heyəti ilə Turin şəhərinin meri Piero Fassini arasında rəsmi görüş keçirilib. Görüşdə Elmar Vəliyev və İtaliyanın Turin şəhərinin meri Piero Fassini rəhbərlik etdikləri şəhərlər haqqında ətraflı məlumat verib, tarixi baxımdan oxşar olan Gəncə ilə Turin arasında əməkdaşlıq üçün müxtəlif təkliflərlə çıxış edib.
Bir neçə il əvvəl Azərbaycanın paytaxtı Bakıda olduğunu xatırladan mer Piero Fassini şəhərin tarixi, infrastrukturu, mədəniyyəti və digər sahələri ilə yaxından tanış olduğunu və bundan məmnun qaldığını söyləyib.
Görüş zamanı Elmar Vəliyev xatirə olaraq Piero Fassiniyə üzərində dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin portreti olan xalça və Gəncəni əks etdirən bir neçə xatirə hədiyyəsi təqdim edib. Turin şəhərinin meri də öz növbəsində İtaliyanın bu qədim şəhərini əks etdirən kitablar hədiyyə edib.