Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər dərmansız qalıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hər ayın əvvəli diabet xəstəliyindən əziyyət çəkənlər pulsuz dərmanlarla təmin edilsələr də, dekabr ayının 24-ü olmasına baxmayaraq xəstələr hələdə dərman preparatlarını ala bilməyiblər. Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, dərmanların verilməsində gecikməyə səbəb şəhərdə yeni diabetli xəstələrin aşkar edilməsidir: “Bu il 700-ə yaxın yeni şəkərli diabet xəstələri aşkar edilib. Bunlarında dərman preparatları ilə təmin edilməsi üçün vəsait lazımdır. Biz bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmişik və ordan cavabı gözləyirik. Vəsait ayrılarsa yeni və köhnə xəstələr üçün dərman preparatları alınıb veriləcək”, deyə A. Zərbəliyev bildirib.
Onun sözlərinə görə, Gəncədə hazırda 1011 nəfər şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxs var. Onlar hər ay 10 adda müxtəlif həblər və 6 adda insulin preparatı ilə dövlət hesabına pulsuz təmin edilirlər.