Bakı. Mübariz Aslanov – APA. Bakıda Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və növbəti qrant müsabiqəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə gənclər təşkilatlarının toplantısı keçirilib. APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri iştirakı ediblər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib ki, fonda maliyyələşdirilmək üçün 973 layihə təqdim olunub, onlardan 630-u maliyyələşdirilib: “Maliyyələşdirilən layihələr üçün 5 milyon 531 min manat vəsait ayrılıb”.
Bundan əlavə, növbəti mərhələdə fonda maliyyələşdirilmək üçün 660 fərdi layihə təqdim olunub, müsabiqənin nəticələri dekabrın 13-də müəyyənləşəcək.
Ə. Həsənov isə çıxışında deyib ki, dövlət başçısının iki sərəncamı ilə fonda 10 milyon manat pul ayrılıb: “Amma ölkə başçısının da dediyi kimi bu, son hədd deyil. Gənclər və İdman Nazirliyi, Fond lazım bilərsə əlavə vəsaitin ayrılması ilə bağlı işlər aparıla bilər. Yetər ki, bu maliyyə vəsaiti səmərəli istifadə olunsun”.
Daha sonra müxtəlif təşkilatın nümayəndələri çıxış edərək təkliflərini səsləndiriblər.