Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra AHİK sədri Səttar Mehbalıyev Xocalı soyqırımının törədilməsinin 21-ci ildönümü ilə bağlı çıxış edib.
O deyib ki, Xocalı qətliamı insanlıq tarixinə düşmüş qanlı hadisə kimi qiymətləndirilir və faciə haqda danışıb. S. Mehbalıyev bildirib ki, Azərbaycan xalqı soyqırım acısını daim hiss edir və cinayətkarların cəzalandırılacağı günü gözləyir. Xocalı soyqırımına ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini xatırladan S. Mehbalıyev dünyada bu faciəyə həsr edilən tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin cinayət barədə daha çox məlumatlandırılması Azərbaycanın haqq səsinin daha tez eşidilməsi baxımından vacibdir.
Tarix elmləri doktoru Vəkil Həsənov soyqırımı ilə bağlı məruzə edib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdikləri vəhşiliyin xronologiyası, buna qədər baş verən proseslər haqda danışıb. V. Həsənov çıxışında xarici media mənsublarının şahidi olduqları və hazırladıqları reportajlarda əks olunan məqamları da diqqətə çatdırıb.