Bakı. Könül Kamilqızı - APA. Bu gün təhsil naziri Misir Mərdanov Rusiya Federasiyası Həştərxan vilayətinin təhsil və elm naziri Vitali Aleksandroviç Qutman ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Misir Mərdanov Azərbaycanın və Həştərxan vilayətinin orta məktəbləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunub, təhsil sahəsində gələcək əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.
Rusiya Federasiyası Həştərxan vilayətinin təhsil və elm naziri V.A.Qutman Həştərxan vilayətində orta məktəb şagirdlərinin Azərbaycan dilini öyrənməsi məsələsinə toxunub. O, bununla bağlı müvafiq işlərin görülməsinin nəzərdə tutulduğunu söyləyib. Misir Mərdanov irəli sürülən təkliflərin həyata keçirilməsi üçün lazımi köməklik göstəriləcəyini qeyd edib. Azərbaycanla Həştərxan vilayəti arasında təhsil sahəsində əməkdaşlığın daha səmərəli inkişafı üçün işçi qrupunun yaradılmasının məqsədəuyğun sayan nazir qarşılıqlı əlaqələrin möhkəmlənməsi yönündə atılacaq addımların dəqiq müəyyənləşdirilməsinin zəruriliyinə diqqət çəkib.