Bakı. Könül Kamilqızı – APA. Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Naziri (ETSN) yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ekoloji rəy almaq üçün ETSN-yə təqdim olunmuş “Böyük Bakının Regional İnkişaf Planı”na Nazirliyin verəcəyi ekoloji rəy müzakirəyə çıxarılıb.
İclasda Şuranın sədri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov müzakirəyə çıxarılan məsələ barədə Şura üzvlərinə ümumi məlumat verib.
Sonra ETSN-in Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov çıxış edərək “Böyük Bakının Regional İnkişaf Planı”nın məqsədini diqqətə çatdırıb və nazirlik tərəfindən veriləcək ekoloji rəyin layihəsi barədə Şura üzvlərini məlumatlandırıb. Ətraf mühitin komponentlərinə potensial təsirlərin mənbəyi və bu təsirlərin yumşaldılması haqqında ətraflı danışdıqdan sonra məsələnin müzakirəsinə başlanılıb.
Yekunda şura üzvlərinin çıxışlarında səsləndirilən rəy və təkliflərin ümumiləşdirilərək qısa zamanda ETSN-yə təqdim olunması və nazirlik tərəfindən hazırlanan rəydə nəzərə alınması qərarlaşdırılıb. Eyni zamanda iclas zamanı gündəlikdə duran digər məsələ, “Azərsu” ASC tərəfindən ekoloji rəyin verilməsi üçün ETSN-yə təqdim olunmuş “Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sisteminin “Master Planı”na veriləcək ekoloji rəyin layihəsi də tanış olmaları üçün Şura üzvlərinə təqdim olunub. Növbəti iclasda həmin sənədin müzakirəsi, sənədə QHT nümayəndələrinin təklif və əlavələrinin salınması müəyyən edilib.