Bakı. Gülnar Bəşirova - APA. “Vətəndaşların yüksək səviyyəli və keyfiyyətli xidmət alması bizim üçün vacib məsələdir. “ASAN Xidmət” mərkəzlərində "vətəndaş həmişə haqlıdır" prinsipi qorunub saxlanır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Könüllüləri Gənclər Təşkilatının I Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, artıq “ASAN Xidmət”i könüllülərsiz təsəvvür etmək olmaz: "Könüllülük fəaliyyəti qanunvericiliklə tənzimlənir. Könüllülər “ASAN Xidmət”də təlimlərə cəlb olunur. Artıq minə yaxın könüllü əldə etdiyi təcrübə nəticəsində həm “ASAN Xidmət”də, həm də digər dövlət qurumlarında işə cəlb olunur. Artıq hər bir “ASAN Xidmət”də 80-100 könüllü fəaliyyət göstərir. Bu qurultayın keçirilməsi çox sevindiricidir. Könüllülərin gələcək fəaliyyətində hansı zəruri tədbirlər görmək lazım gələrsə, həyata keçirəcəyik".