Culfa. Məlahət Nəcəfova - APA. “Azərbaycandan insanların müalicə məqsədilə Təbriz şəhərinə gəlməsini nəzərə alaraq İranın Culfa şəhərində azərbaycanlılar üçün iki xəstəxana tikiləcək”. APA-nın məlumatına görə, bu barədə “Araz” Azad İqtisadi Zonasının mədəniyyət, sosial və turizm üzrə rəis müavini Adil Nəcəfzadə bir qrup azərbaycanlı jurnalistin azad iqtisadi zonaya təşkil olunmuş səfəri zamanı onlara açıqlamasında deyib. A. Nəcəfzadə bildirib ki, bu xəstəxanaların tikilməsi həm zaman, həm də xərclərin az olması baxımından Azərbaycan vətəndaşları üçün sərfəli olacaq.
A. Nəcəfzadə “Araz” Azad İqtisadi Zonasını turizm mərkəzinə çevirmək və bütün dünyaya tanıtmaq üçün bu ərazidə turizm sahəsi üzrə təhsil verəcək beynəlxalq universitetin inşası ilə bağlı plan olduğunu da açıqlayıb. Onun sözlərinə görə, Qulubəyli-Xudafərin (Füzuli) bölgəsində yeni sərhəd-keçid məntəqəsinin açılması da turizmin inkişafına təkan verəcək: “Azad zona ekoturizm sahəsində də böyük potensiala malikdir və 2013-cü ilin sentyabr ayı üçün bu zona ikinci geopark adını alacaq. Bu regionda çoxsaylı tarixi yerlər var. Araz çayının gözəlliyi, Xudafərin və Araz bəndləri turistlərin diqqətini cəlb edə biləcək yerlərdir. Həmçinin Böyük İpək Yolunun üzərində yerləşən bu ərazi bu yolun yenidən bərpasına kömək göstərə bilər”.
Qeyd edək ki, “Araz” Azad İqtisadi Zonası 9 il əvvəl yaradılıb. Burada böyük potensiala sahib bir neçə müəssisə fəaliyyətə başlayıb. Zonanın sənaye müdiri Səid Əlizadə qeyd edib ki, Azərbaycanla həmsərhəd olan bu zona 53 min hektar ərazini əhatə edir və daha çox istehsalat müəssisələri qurularsa və sərmayədarlar cəlb olunarsa, bu sahəni artırmaq mümkün olacaq. O, burada fəaliyyət göstərən bir neçə müəssisəyə artıq azərbaycanlı iş adamları tərəfindən investisiya yatırıldığını və daha çox investorun cəlb edilməsində maraqlı olduqlarını söyləyib.
“Amigo” ağır və yüngül tipli avtomobil istehsalı zavodu İranın ən böyük özəl maşınqayırma kompleksidir və azad iqtisadi zonada yerləşir. Burada ağır tonnajlı maşınlarla yanaşı, minik avtomobilləri də istehsal olunur və gələcəkdə avtomobil çeşidlərinin artırılacağı bildirilir. S. Əlizadə deyib ki, zavodun istehsal etdiyi yük maşınları artıq Azərbaycanın bir neçə özəl şirkətinə, 250 ədədi isə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə satılıb.
Azərbaycanlı jurnalistlərin baxış keçirdiyi daha bir müəssisə “Jolka” tekstil şirkətidir. Fabrikin İdarə Heyətinin müdiri Əzim Delavizin sözlərinə görə, ümumi sahəsi 24 min kv. metr olan şirkətə indiyə kimi 50 milyon dollar sərmayə qoyulub və layihənin yekunlaşması nəticəsində bu məbləğ 350 milyon dollar olacaq. Fabrik türkiyəli investorla ortaq şəkildə qurulub. Ə. Delaviz şirkətin istehsal etdiyi məhsulları Qafqaz və Rusiya bazarına çıxarmaq üçün azərbaycanlı iş adamlarını əməkdaşlığa çağırıb.
Müəssisənin məhsulları Almaniya, Türkiyə, Fransa və İtaliya bazarına ixrac olunur. Burada İtaliya və Almaniya istehsalı olan avadanlıqlardan istifadə edilir. Zonada həmçinin parfüm fabriki də fəaliyyət göstərir.
“Araz” iqtisadi zonasında fəaliyyət göstərən müəssisələr 20 il vergidən və digər rüsumlardan azad ediliblər. Bu isə xarici sərmayədarların bura yatırım qoymasına geniş imkanlar açır. Artıq Azərbaycandan da bir neçə sahibkar bu zonaya sərmayə qoyub. İran tərəfi bu azad iqtisadi zonanın Azərbaycanla müştərək təşkil edilməsini istəyir. Bu məsələ iki ölkənin rəsmiləri arasında bir neçə dəfə müzakirə edilib. Bununla əlaqədar yaxın vaxtlarda zonanın sədrinin Azərbaycana səfəri gözlənilir.
Qeyd edək ki, “Araz” Azad İqtisadi Zonası Culfa şəhərindən başlayır və Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. İqtisadi zonanın Culfa şəhərindəki ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi yəni 33 min hektar sahəsi Qulubəyli – Xudafərin bölgəsinə düşür.