Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-25, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, martın 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 257 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2013-cü ildə bu göstərici təqribən eyni olmaqla 258 m3/s və ongünlük normanın 85 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici iki dəfə çox olmaqla 126 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 16, Şirvanda 13, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Bankədə isə 34 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 302 sm, Şirvanda 143 sm, Salyanda 63 sm, Bankədə 195 sm, Araz çayının Novruzlu məntəqəsində isə 32 sm təşkil edir.