Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinə 2 mart tarixində keçirilmiş birinci mərhələsinin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış bakalavrlar buraxılırlar. Bunun üçün bakalavrlar mayın 1-dən 5-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Proqram seçib təsdiq etmiş bakalavrlar 2014-cü il mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri onlara 50 test tapşırığı(45 ədəd çoxseçimli, 5 ədəd açıq tipli) təqdim olunmaqla yoxlanılır. 4, 12, 24, 25, 29, 30, 41, 43, 44, 51, 52, 57 və 58 saylı proqramlarını seçən bakalavrlar test tapşırıqları əvəzinə yazılı imtahan verirlər. İxtisas üzrə test suallarına cavabın maksimal balı 50-dir. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndirilir.
Magistraturaya yalnız əyani təhsilalma forması üzrə plan yerləri verilib, plan yerlərinin sayı 6565 , onlardan dövlət sifarişi üzrə olanların sayı 2547-dir. 2014-cü ildə “Jurnalistika” ixtisasını seçmək istəyənlər üçün Qabiliyyət imtahanı keçirilib və 25 bakalavr həmin imtahandan “məqbul” alıb. 44 saylı proqramı yalnız həmin bakalavrlar seçə bilərlər. 27 saylı proqram üzrə ADPU-nun “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmasına müsabiqədə yalnız Təhsil ixtisasları qrupunu bitirən bakalavrlar iştirak edə bilərlər. Azərbaycan Turizm İnstitutunda “Turizm işi” ixtisaslaşması üzrə magistr hazırlığının aparılması nəzərdə tutulan beynəlxalq layihə yekunlaşdığına görə həmin ixtisaslaşmaya bu il qəbul aparılmayacaq.
Qeyd edək ki, TQDK tərəfindən “Magistr” jurnalının 4-cü sayı nəşr olunaraq aprelin 29-da bakalavrların istifadəsinə veriləcək. Jurnalda 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçimi haqqında elan, “Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramının seçilməsi və təsdiqi üçün təlimat, qəbul proqramının seçimi üçün “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi, qəbul aparılan ixtisaslaşmalar və magistratura səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu öz əksini tapıb.