Agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin APA-ya verdiyi məlumata görə, il ərzində müəllif-hüquq sahəsində normativ hüquqi bazanın zənginləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edilib. Qanunun icrasını təmin etmək məqsədi ilə Agentlik tərəfindən Nazirlər Kabinetinin 5 qərar layihəsi hazırlanıb və onların yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir. Hazırda Agentliyin icrasında müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahələrini tənzimləyən 5 qanun var.
X. Həsənli deyib ki, müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ sənayenin) ümumi daxili məhsulda (ÜDM-də) əhəmiyyətinin artması ilə əlaqədar, Agentliyin beynəlxalq təcrübə nəzərə alınmaqla hazırladığı xüsusi metodika əsasında kreativ sənayenin ÜDM-də iqtisadi payı hesablanıb. Müəyyən edilib ki, 2007-ci illə müqayisədə ölkədə bu pay 2 dəfədən çox artaraq 4,5 faizə çatıb. Məsələnin vacibliyi nəzərə alınaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) ümumi daxili məhsulda iqtisadi payının hesablanması və qeyri-maddi aktivlərin qiymətləndirilməsi haqqında” Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.
MHA şöbə müdiri onu da qeyd edib ki, 2012-ci ildə ölkədə piratçılığa qarşı mübarizə daha da gücləndirilib, müəlliflərin və digər hüquq sahiblərinin müraciətlərinə baxılmasında operativliyin artırılması məqsədi ilə Agentliyin nəzdində 960 nömrəli “Qaynar xətt” açılıb. Hesabat ilində “Qaynar xətt”ə 700-dən çox müraciət daxil olub. Agentliyin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nın işi gücləndirilib. Müvafiq dövlət orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2012-ci ildə müxtəlif seqmentlər üzrə 8-21% aşağı düşüb.
2012-ci ildə müəlliflər və hüquq sahiblərinin müraciətləri üzrə 2 iddia ərizəsi tərtib edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 6 ekspert rəyi hazırlanıb, 500-dən artıq müəllif və digər hüquq sahiblərinə məsləhətlər verilib, 10 konfrans, seminar və dəyirmi masa keçirilib, KİV-lərdə 80-dən çox məqalə və müsahibə dərc olunub, 6 prezentasiya edilib.