Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda N. Yaqublu haqqında çıxarılan məhkəmə hökmünə münasibət bildirilib.
Komitənin sədri Mehriban Vəzir hökmdən narazılığını ifadə edib, hökmü ictimai fəal insanlara qərəzli və ədalətsiz mövqenin ifadəsi adlandırıb.
N. Yaqublunun vəkili Adil İsmayılov müdafiə etdiyi şəxsin məhkəmə hökmü ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsinə münasibət bildirib, bunun digər həbs məntəqələrindən fərqini açıqlayıb: “Məntəqə tipli cəzaçəkmə müəssisəsində olan şərait, qanunda nəzərdə tutulan rejim, Nigarın hazırda saxlanıldığı rejimdən dəfələrlə yüngüldür. Yəni, həmin məntəqədə şəxs mühafizəsiz olur, istədiyi adamla məhdudiyyətsiz görüşmək hüququ var. Eyni zamanda hər gün telefonla danışmaq imkanına, hətta gün ərzində 12 saatdan çox olmayaraq məntəqəni tərk etmək hüququna malikdir”.
Digər vəkil Elton Quliyev isə çıxışında çıxarılan hökmdə məhkəməyə sədrlik edən hakimi günahlandırıb.
AXCP sədri Əli Kərimli isə bu həbsi siyasi motivli adlandırıb.
Xatırladaq ki, N. Yaqublu Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının törətməkdə ittiham olunub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, o, 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum olunub.