Bakı. Könüla Kamilqızı - APA. Novruz bayramı günlərində (martın 20-21-də) Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayında ciddi artım qeydə alınmayıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, əvvəlki günlərdə olduğu kimi, son 2 gündə də stansiyaya təxminən eyni sayda-gün ərzində orta hesabla 1700 müraciət daxil olub.
Onun sözlərinə görə, bayram günlərdin poliklinikaların işləmədiyi üçün əsas yük təcili yardımın üzərinə düşdüyündən, müraciətlərin sayının artacağı gözlənilirdi: “Amma şəhərdə əhali az olduğu üçün bayram günlərində təcili yardıma müraciət edənlərin sayı artmayıb. Bu günlərdə heç bir kütləvi zəhərlənmə və ya qidadan zəhərlənmə halı da baş verməyib. 2 gün paytaxt ərazisində küləyin artması nəticəsində də hər hansı müraciət və ya qeyri-adi bir hadisə qeydə alınmayıb”.
Z.Vahidov qeyd edib ki, təcili yardıma daxil olan 1700 müraciətin 9-10%-i xəstəxanaya yerləşdirilib. Həkimin sözlərinə görə, bayram günlərində yol-nəqliyyat hadisələri, dəm qazından zəhərlənmə hallarının da sayında azalma müşahidə olunub: “Belə ki, martın 19-da 1 avto-qəza, martın 20-də 1 qəza, martın 21-də isə 2 avto-qəza baş verib. Hər bir hadisədə 1 zərərçəkən olub və xəstəxanaya yerləşdirilib. Dəm qazından zəhərlənməyə gəlincə, adi günlərdə 11-13 belə hadisə olurdusa, bayram günlərində 5-6 hadisə baş verib. Belə ki, martın 21-də 7 nəfər dəm qazından zəhərlənəndən 5-i, martın 20-də 6 nəfər zəhərlənəndən 5-i, martın 19-da isə 5 nəfər zəhərlənəndən 4-ü xəstəxanaya yerləşdirilib. Bu da ümumilikdə Bakı şəhəri üzrə daxil olan 1700 müraciət arasında elə də böyük rəqəm deyil”.