Bakı. Gülnar Bəşirova – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın (Ombudsman) tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) növbəti dəfə planlı uzunmüddətli başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
Məqsəd saxlanılma şəraiti, məhkumlarla rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.
Müəssisənin bütün obyektlərinə, o cümlədən korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə baxış keçirilib, burada saxlanılan 50-dək məhkum fərdi qaydada qəbul edilib, onların sənədlərinə baxılıb, hüquqları izah olunub.
Araşdırma zamanı pis rəftara məruz qalma ilə bağlı müraciət daxil olmayıb.
Müəssisədə məhkumların asudə vaxtının təşkili, dini ayinlərin icrası üçün xeyli iş görülüb. Bundan əlavə, məhkumların ailələri və yaxınları ilə əlaqə yaratmaq üçün telefonların sayı beşə çatdırılıb, yeni hamam istifadəyə verilib.
Eyni zamanda bəzi nöqsanlar, o cümlədən tibb hissəsi ilə bağlı çatışmazlıqlar, habelə CM-də mövcud olan iki yataqxanadan hələ yalnız birinə taxta döşəmələrin vurulduğu müəyyən edilib.
Qəbul edilmiş məhkumların qaldırdığı məsələlər və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib, bunlardan bəziləri yerində həll edilib, digər tövsiyələrin isə həlli istiqamətində gələcəkdə iş aparılacağı bildirilib.
Başçəkmənin nəticələri üzrə ədliyyə nazirinə məktub göndərilib.