Bakı. Könül Kamilqızı – APA. Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin yanvar ayı ərzində gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 41 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bundan başqa, 38 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 15 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 716, mikrobioloji göstəricilərinə görə 551, toksikoloji göstəricilərinə görə 139 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 18-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 1837 yaxma nümunəsi götürülüb, 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Yanvar ayı ərzində əhali arasında 108 qida zəhərlənməsi hadisəsi baş verib, 130 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, 2 nəfər zərərçəkən olub.