APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib. Məlumata görə, 2013-cü il ərzində ümumilikdə ölkə üzrə 270 aptekdə yoxlamalar keçirilib. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb.
Həmçinin reydlər nəticəsində dövlət qeydiyyatına alınmayan və yararlıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.
Ötən il bu sahəyə nəzarətin gücləndirilməsi nəticəsində yalnız Bakı şəhərində lisenziyasız stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək onların barəsində müvafiq tədbirlər görülüb. Ümumiyyətlə, 2013-cü il ərzində lisenziya olmadan 376 özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğulolma faktı aşkarlanaraq inzibati icraat aparılıb.