Bank Of Baku

Pakistanda “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçirilib - FOTO

Pakistanda “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 05 may 2014 13:23 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Pakistanda həyata keçirilən silsilə tədbirlər çərçivəsində Pakistanın Dera İsmayil Xan ərazisinin Tank bölgəsində inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçirilib.

 

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və himayəsi altında Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə baş tutub.

 

Tank bölgəsində təşkil edilmiş təntənəli mərasimdə Pakistan parlamentinin sabiq sədr müavini, Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi, Xayber Paxtunxva əyalət hökumətinin təmsilçiləri, əyalət məclisinin deputatları, ətraf kəndlərin ağsaqqalları və kütləvi informasiya nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi Heydər Əliyev Fondu tərəfindən Pakistanın mütəmadi olaraq terrora məruz olan və iqtisadi inkişafdan geri qalan regionunda belə bir aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, Fondun Prezidenti Mehriban Xanım Əliyevaya ərazi sakinlərinin adından öz dərin minnətdarlığını bildirib. O, Azərbaycan tərəfinin bu addımının əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayaraq bildirib ki, Heydər Əliyev Su Təchizatı layihəsi, içməli sudan məhrum olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün böyük bir dəstək mənbəyidir.

 

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov mərasimin Heydər Əliyevin andan olmasının 91-ci ildönümünə təsadüf etdiyini deyərək, onun həyat və fəaliyyətindən söz açıb.

 

Bölgə sakinləri adından danışan Məhəmməd Ecaz yüz illər boyu ərazinin quraqlıqdan ciddi əziyyət çəkdiyini və insanların içməli sudan məhrum olduqlarını qeyd edərək, indiyə kimi bölgə sakinlərinin içməli suya olan tələbatlarını əsasən 10 kilometr uzaqlıqda yerləşən yağış suyu kollektorundan ödədiklərini vurğulayıb və bu günün bölgə sakinləri üçün əsl bayram olduğunu qeyd edərək, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, dost və qardaş Azərbaycan xalqına və dövlətinə dərin minnətdarlığını bildirib.

 

Qeyd edək ki, “Heydər Əliyev Su Təchizatı layihəsi” dərinliyi 700 metrdən artıq olan quyu, su ehtiyatı, fasiləsiz elektrik təchizatı qurğusu və su paylaşdırıcı sistemdən ibarət olaraq, gün ərzində 150 tondan çox içməli su istehsal edir və bölgədə yerləşən 40 minə qədər insanı içməli su ilə təmin edir.

 

Mərasimin sonunda səfir D.Şikarov tədbirə qatılmış Xayber Paxtunxva əyalətinin aparıcı KİV mənsublarına müsahibə verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR