Bakı. Könül Kamilqızı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən peşə liseylərində keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatların “Şagird-Məzun elektron məlumat sistemi”nə daxil edilməsi başa çatıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, martın 17-də peşə liseylərində keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatların “Şagird-Məzun elektron məlumat sistemi”nə daxil edilməsi bu gün saat 17:00-da yekunlaşıb.
Yekun olaraq 4934 nəfər şagird haqqında məlumat sistemə daxil edilib. Onlardan 15 nəfəri qeyri-kafi qiyməti aldıqları və ya uzun müddət təhsildən yayındıqları üçün imtahana buraxılmayacaqlar. İmtahanda iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqələrini yaxın günlərdə “Şagird-Məzun elektron məlumat sistemi”ndəki səhifələrinə daxil olaraq çap edə biləcəklər. Eyni zamanda peşə liseylərinin məsul şəxslərinə də imtahana buraxılIş vərəqələrini çap etmək imkanı yaradılacaq.