Qax. Vüqar Heydərov - APA. Qax rayonunda 2012-ci ilin may ayında baş verən zəlzələdən zərər çəkmiş daha bir uşaq bağçası bərpa-gücləndirmə və əsaslı təmirdən sonra istifadəyə verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilən açılış mərasimdə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və bağça kollektivi iştirak edib. Mərasimdə bildirilib ki, son vaxtlar rayonda 2 uşaq bağçası əsaslı təmir edilib və bir yeni bağça tikilib.
Qeyd olunub ki, ötən əsrin əvvəllərindən tikilən bu bina 1965-ci ildən bağça kimi fəaliyyət göstərib. Ötən ilin mayında bölgədə baş verən zəlzələ zamanı bağça binası qəzalı vəziyyətə düşüb. Bağçada bərpa-gücləndirilmə işləri Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib. Diqqətə çatdırılıb ki, həmin sərəncama uyğun olaraq hazırda rayonun daha 4 uşaq bağçasında bərpa-gücləndirilmə və tikinti işləri aparılır. Bərpa-gücləndirmə işləri aparılan bağçalar rayonun kəndlərində yerləşir və həmin müəssisələrinin gələn ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulub.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. 125 yerlik uşaq bağçasında 7 qrup fəaliyyət göstərir. Müəssisədə 44 tərbiyəçi-müəllim və texniki işçi çalışır. 20 otaqdan ibarət bağça müasir istilik sistemləri, musiqi zalı, yeni mebel və avadanlıqla da təchiz edilib.