Bank Of Baku

Qəbələdə “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda tədbir keçirilib

Qəbələdə “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda tədbir keçirilib
# 21 noyabr 2013 10:36 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-də Qəbələ rayonunda “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda konfrans keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi regionuna daxil olan rayonların icra hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.

 

Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Rahib Əhmədov, nazirliyin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov çıxış edərək mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının - Mənzil Məcəlləsinin qəbul edildiyini bildirib. 1 oktyabr 2009-cu il tarixindən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan prezidentinin müvafiq fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb. Nazirliyin mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov təqdimatla çıxış edərək Mənzil Məcəlləsinin üstünlükləri, yeni idarəetmə üsulları, Məcəllənin tətbiq edilməsi istiqamətində yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə birgə işin təşkili barədə danışıb.

 

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev bildirib ki, Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanmasına təkan verilib. İnstitut bu istiqamətdə aparılan siyasətin elmi əsaslarının işlənməsi üçün müasir beynəlxalq təcrübənin öyrənilməsi əsasında bu sahədə yeni idarəetmə formasının tətbiqi, qeyri-rasional xərclərin azaldılması, yaşayış fondunun idarə edilməsində rəqabətin inkişaf etdirilməsi, təchizatçı-istehlakçı münasibətlərinin formalaşdırılması, bu sahənin modernləşdirilmə prosesinə investisiyaların cəlb edilməsi, enerji resurslarına qənaət üzrə effektiv tədbirlərin görülməsi, yaşayış fondunun inventarlaşdırılması və özəlləşdirilməsinin stimullaşdırılmasına özəl sektorun cəlb edilməsi istiqamətində tədqiqatlar aparır, müvafiq təklif və tövsiyələr verir.

 

Sonda mənzil-kommunal sahəsində yeni münasibətlərə dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb, “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” adlı broşurlar paylanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR