Bakı. Gülnar Bəşirova - APA. Bu gün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Bakı şəhərində yerləşən Şuşa, Zəngilan rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının və Qəyyumluq və himayə orqanlarının məsul şəxsləri üçün təlim keçirilib.
APA-nın məlumatına görə, təlimdə AQUPDK-nın Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, müdir müavini Pərviz Əliyev, Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova, Xaricə övladlığa vermə sektorunun müdiri iştirak edib.
Təlimdə ölkələrarası övladlığa götürmə ilə bağlı məlumatların verilməsi və valideynlik himayəsindən məhrum olmuş uşaqların ümumi uçota alınmasına dair təqdimat da nümayiş olunub.
Qeyd edək ki, prezidentin 2012-ci il 8 may tarixli fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 5.1 və 5.3-cü bəndlərinə əsasən, Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvü olan dövlət orqanları Azərbaycan qanunları ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır və AQUPDK-ya təqdim edirlər. Komitə təqdim edilmiş hesabatları ümumiləşdirərək Komissiyaya təqdim edir və həmin hesabat əsasında Komissiya tərəfindən ölkədə uşaq hüquqlarının illik vəziyyəti qiymətləndirilir, müvafiq tövsiyələr verilir. Elə bugünkü təlim də həmin hesabatın yekununa həsr olunub.