Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda donor təşkilatlarının keçirdiyi qrant müsabiqəsində qalib gələn qeyri-hökumət təşkilatlarının (QHT) və fiziki şəxslərin hesablarına köçürülən vəsaitlə bağlı yeni qaydalar qüvvəyə minib.
APA-nın verdiyi məlumata görə, QHT-lər və fiziki şəxslər Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu və digər donorların hesablarına köçürdükləri vəsaitləri almaq üçün bu donorlarla imzalanmış qrant müqaviləsinin Ədliyyə Nazirliyində təsdiqlənmiş əslini, yaxud notariusda təsdiqlənmiş surətinin Ədliyyə Nazirliyində təsdiqlənmiş nüsxəsini banklara təqdim etməlidirlər.
İndiyədək QHT-lər və fiziki şəxslərdən belə bir sənəd tələb olunmayıb. Yeni tələb QHT qanunvericiliyinə edilən son dəyişikliklər və Azərbaycanda QHT-lərə elektron xidmətlərin göstərilməsi üçün "Fərdi elektron pəncərə” elektron məlumat sistemi yaradılması ilə bağlıdır.