Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında ölkə vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni rüsum dərəcələri müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, layihə barədə deputat Çingiz Əsədullayev məlumat verib.
Təklif “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərdə əksini tapıb. Dəyişikliklərə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, 3 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə 25 manat, 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə isə 35 manat rüsum tutulur. Layihə səsə qoyularaq qəbul olunub.
Qanun 2015-ci ilin dekabr ayının 1-dən qüvvəyə minir.