Bakı. Könül Kamilqızı - APA. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2012-ci ildə 5,6 dəfə artaraq 2003-cü ildəki 234,8 milyon manatdan 1,31 milyard manata yüksəlib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunub.
Hesabatda deyilir ki, təhsil sektoruna qoyulan investisiyaların həcmi də artaraq 2004-cü ildəki 24,7 milyon manatdan 2012-ci ildə 787,6 milyon manata çatıb. Hesabat dövründə ümumtəhsil məktəbləri sisteminin infrastrukturunun yeniləşdirilməsi istiqamətində tədbirlər davam etdirilib, 50 min yerlik 185 yeni məktəb binası, 11 məktəb üçün 2304 yerlik əlavə korpuslar inşa edilib, 109 məktəb əsaslı təmir edilib. 2003-2012-ci illərdə Azərbaycanda ümumilikdə 550 min şagird yerlik 2457 yeni məktəb binası tikilib və əsaslı təmir edilib, 708 məktəb müasir avadanlıqlarla, 200-dən çox məktəb kimya, 200 məktəb isə fizika laboratoriyaları ilə təmin edilib. Ümumilikdə ölkə üzrə məktəb infrastrukturunun müasirləşdirilməsi nəticəsində ölkə üzrə 1 milyon şagirdin (bütün şagirdlərin 80 faizi) təlim şəraiti yaxşılaşıb.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 370 yeni məktəb, uşaq bağçası, uşaq evi və internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir edilib və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.