Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda təhsil işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində görülən işlər açıqlanıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları sahəsi üzrə 2013-cü ildə görülmüş işlərə dair hesabatında qeyd olunub ki, il ərzində təhsil işçilərinə fəxri adların verilməsi, dövlət təltiflərinə namizədlər haqqında məlumatların hazırlanması və təltif olunanların şəxsi işlərinin toplanması, Təhsil Nazirliyinin təltiflərinin verilməsi üzrə sənədləşmə işləri aparılıb.
Ötən il ərzində 157 nəfərin Təhsil Nazirliyinin ”Qabaqcıl təhsil işçisi” döş nişanı və 78 nəfərin Fəxri Fərmanla təltif edilməsi üzrə sənədləşmə işləri yerinə yetirilib, o cümlədən dövlət təltifi almış təhsil işçilərinin şəxsi işləri, məlumat kartları və barələrində elektron arayışlar hazırlanıb və Prezident Administrasiyasına təqdim olunub.
Ötən il “Əmək veteranı” adı və vəsiqəsi almaq üçün müraciət etmiş 471 nəfərdən göstəriciləri müvafiq tələblərə uyğun olan 420 nəfərə “Əmək veteranı” kitabçası verilib.