Bakı. Könül Kamilqızı - APA. İyulun 1-də təhsil naziri Mikayıl Cabbarov məktəblilərin beynəlxalq fizika, kimya, biologiya və riyaziyyat olimpiadalarında Azərbaycan komandalarının iştirakı barədə müvafiq əmrlər imzalayıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrlərə əsasən, beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edəcək komandaların tərkibi müəyyənləşdirilib və onların iştirakının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
44-cü Beynəlxalq Fizika Olimpiadası 7-15 iyul tarixlərində Danimarkanın Kopenhagen şəhərində, 45-ci Beynəlxalq Kimya Olimpiadası 15-24 iyul tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində, 24-cü Beynəlxalq Biologiya Olimpiadası 14-21 iyul tarixlərində İsveçrənin Bern şəhərində, Beynəlxalq Riyaziyyat Olimpiadası 18-28 iyul tarixlərində Kolumbiyanın Santa Mariya şəhərində keçiriləcək.
Beynəlxalq olimpiadalarda ölkəmizi Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki, Lənkəran, Ağdaş və Qubada fəaliyyət göstərən məktəblərdə təhsil alan 19 şagird təmsil edəcək.