Lənkəran. Ağəddin Babayev – APA. Oktyabrın 19-da respublika təhsil nazirinin müavini Ceyhun Bayramov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik, Astara, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı səsləndirilən müraciətlərdə əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, məktəb direktorundan şikayət, işə bərpa olunma, tələbənin bir ali məktəb və ya kollecdən digərinə köçürülməsi, diplomların tanınması, tələbənin əyani şöbədən qiyabiyə köçürülməsi kimi məsələlər üstünlük təşkil edib. Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin isə araşdırılacağı və bu barədə vətəndaşlara əlavə cavablar veriləcəyi bildirilib.