Bakı. Könül Kamilqızı - APA. Bu gün Sumqayıt şəhərində Təhsil Nazirliyi tərəfindən ilk peşə ixtisas təhsil müəssisələri üçün alınan kənd təsərrüfatı texnikalarının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 yeni texnika və avadanlıqlar bölgələrdə yerləşən təhsil müəssisələrində əyani vasitə kimi istifadə olunacaq.
Tədbirdə bu barədə jurnalistlərə açıqlama verən Təhsil Nazirliyinin Əsaslı tikinti-təchizat idarəsinin loqistika üzrə mütəxəssisi Samir Məmmədov bildirib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ən sonuncu dəfə müvafiq texniki avadanlıq və vasitələr 25-30 il əvvəl verilib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksən ixtisaslı kadrlarla təmin edilməsi prioritet istiqamətlərdən biridir: "Mövcud şəraitdə əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdiş işlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk peşə ixtisası təhsili müəssisələrinin hazırlanması vacib amildir. Eyni zamanda, texnika və avadanlıqlara malik olması ilk peşə ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq əlavə maddi gəlir əldə etmək imkanı verir".
S. Məmmədov əlavə edib ki, Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun ödənilməsi və müvafiq təhsil müəssislərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə başladığı işlər davam etdiriləcək. Nazirlik rəsmisi qeyd edib ki, bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzə ilk peşə ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.