Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 16 - da respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 23 şəhər və rayonunda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq. İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytında “Şagird-Məzun” sisteminə müvafiq qaydada daxil olmaqla martın 5-dən etibarən çap edə bilərlər.
İmtahan bütün binalarda eyni vaxtda saat 12:00-da başlanacaq və 2 saat müddətində aparılacaq. İmtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb.
Prosesin idarə edilməsinə 40 imtahan rəhbəri, 351 zal nəzarətçisi cəlb olunmuşdur. İmtahan Bakı şəhərində 7, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhərlərinin hər birində 1 binada təşkil olunacaq.
Qeyd edək ki, peşə liseylərinin cari il məzunları üçün keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni “Şagird-Məzun” sisteminə daxil olub çap edə bilərlər. Eyni zamanda peşə liseylərinin məsul şəxslərinə də imtahana buraxılış vərəqələrini öz səhifələrinə daxil olub çap etmək imkanı yaradılıb.