Bakı. Mübariz Aslanov - APA. “Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin”.
Yeni Azərbaycan Partiyasından (YAP) APA-ya verilən məlumata görə, bunu partiya sədrinin birinci müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün Novruz bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında keçirdiyi görüşdə bildirib.
O qeyd edib ki, bu gün ölkədə qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmır: “Güman edirəm ki, bundan sonra da bu siyasət davam etdiriləcək. Sizin üçün tikilən yeni bina ilə tanış olduq. Olduqca yüksək səviyyəli şərait yaradılıb. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir”.
Ə.Əhmədov bildirib ki, Azərbaycan dövləti, prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır: “Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır”.
Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyasının bayram hədiyyələri təqdim olunub. Görüşdə YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva iştirak ediblər.