Geologiya və Geofizika İnstitutunda israilli alimlərlə görüş keçirilib

Geologiya və Geofizika İnstitutunda israilli alimlərlə görüş keçirilib
# 12 oktyabr 2016 13:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının (İTHEA) direktoru Dr. Meir Zadok və Veyzman İnstitutunun İmmunnologiya fakültəsinin professoru Rut Arnon ilə görüş keçirilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, GGİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov bildirib ki, institutda yeni istiqamət olaraq tibb geologiya sahəsində tədqiqatlar aparılır və yaxın gələcəkdə iqtisadi geologiya üzrə də araşdırmalara başlanacaq. AMEA Yer Elmləri Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov institutda aparılan plitələr tektonikası üzrə tədqiqatlar, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın geodinamik şəraiti barədə məlumat verib.

İsrailli alimlər isə təmsil etdikləri qurumlar haqqında danışıb, əməkdaşlıq üçün müvafiq istiqamətlərdəki fəaliyyətlərindən bəhs ediblər. Dr. M.Zadok İTHEA-nın GGİ ilə əməkdaşlıq edə biləcək təşkilatları və mütəxəssislərindən söz açıb. R. Anon qeyd edib ki, son illər İsraildə yeni neft-qaz yataqlarının aşkarlanması orada geoloji və geofiziki tədqiqatların önəmini artırıb. Bu baxımdan qurumlar arasında əməkdaşlığın inkişafı zəruridir.

Qonaqlar institutun şöbə və laboratoriyaları ilə əyani tanış olublar. Tərəflər əməkdaşlıq üçün konkret imkanları və müştərək tədqiqat sahələrini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR