Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb

Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb
# 13 may 2016 09:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda QİÇS/İİV infeksiyasına yoluxan insanların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova Azərbaycanda QİCS-lə mübarizə yollarına həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib ki, 1987-ci ildən 2016-cı ilin martın sonunadək İİV-lə yaşayan 4815 nəfər rəsmi qeydiyyata alınıb.

Onun sözlərinə görə, onlardan 3523-si (73,2%) kişi, 1292-u (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayının 1725 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayının 744 nəfər olduğunu deyən E.Alməmmədova qeyd edib ki, İİV-lə yaşayan insanların 48,9 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 41,3 faiz heteroseksual, 1,8 faiz isə homoseksual təmas nəticəsində, 1,8 faiz anadan uşağa keçməklə, 0,02 faizdə (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7 faizdə isə yoluxma yolu müəyyən edilməyib.

“Ölkədə epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. 2016-cı ilin ilk 3 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 24,8 faizi, 1987-2016-cü illər ərzində isə aşkar olunan halların 49,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 2016-cı ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 125 nəfər olub. Onlardan 121-i (96,8%) Azərbaycan vətəndaşı, 4 nəfəri (3,2%) isə əcnəbi vətəndaşlarıdır. Qeydiyyata alınmış 121 Azərbaycan vətəndaşından 84-ü (69,4%) kişi, 37-si (30,6%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşların sayı 44 nəfər olub. Bu dövr ərzində İİV-infeksiyasından 9 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişməsi barədə məlumat daxil olub. 2016-cı ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yollarına gəlincə, 31 nəfər (25,6%) parenteral kontakt, 71 nəfər (58,7%) heteroseksual kontakt, 2 nəfər (1.7%) homoseksual kontakt nəticəsində, 17 nəfərin (14,0%) yoluxma yolu müəyyənləşdirilməkdədir”, - deyə mərkəzin direktoru qeyd edib.

E.Alməmmədovanın sözlərinə görə, İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemi kimi qalmaqdadır. Azərbaycanda da İİV-infeksiyası/QİÇS problemi aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. O əlavə edib ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir: “Azərbaycanda tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3093 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 133 nəfərə müalicə 2016-cı ilin ilk 3 ayı ərzində başlanılıb”.

Mərkəzin direktoru qeyd edib ki, 2015-ci il iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 117435 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 75 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR