Həmzə Kərimov: "SOCAR Petroleum SA" ötən il 154 milyon dollar gəlir əldə edib" - MÜSAHİBƏ

Həmzə Kərimov: "SOCAR Petroleum SA" ötən il 154 milyon dollar gəlir əldə edib" - <span style="color: red;">MÜSAHİBƏ
# 22 fevral 2016 13:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR Petroleum SA"-nın baş direktoru Həmzə Kərimovun "APA-Economics"ə müsahibəsi:

- Həmzə bəy, təbii ki, ötən il asan olmadı. 2015-ci il SOCAR-ın Rumıniya nümayəndəliyi, o cümlədən "SOCAR Petroleum SA" üçün necə yadda qalıb?

- Bu gün fəxrlə deyə bilərəm ki, SOCAR istər ölkə daxilində, istərsə də Azərbaycan hüdudlarından kənarda müəllifi olduğu bir çox iri və beynəlxalq layihələrə uğurla imza atmaqla dünya miqyasında bir brendə çevrilib. Şirkətimizin beynəlxalq aləmdə işgüzar imici durmadan yüksəlməkdədir. Bildiyimiz kimi, SOCAR 2007-ci ildən Rumıniya bazarına daxil olub. SOCAR-ın Rumıniya nümayəndəliyi şirkətimizin Avropada açılan ilk nümayəndəliyidir. Ümumiyyətlə, Şərqi Avropanın giriş qapısı hesab edilən Rumıniya ölkəmizin karbohidrogen ehtiyatlarının Şərqi və Mərkəzi Avropa, eləcə də Balkan ölkələri bazarına çıxışı üçün körpü rolunu oynamaqdadır. 2011-ci ildə SOCAR Rumıniyada növbəti uğurlu layihənin icrasına start verib. Belə ki, Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə, SOCAR-ın törəmə şirkəti olan "SOCAR Petroleum SA" şirkəti təsis edilib və beləliklə bu ölkə ərazisində SOCAR brendi ilə kommersiya fəaliyyətinə başlanılıb. Həmin ilin oktyabr ayından etibarən 11 yanacaqdoldurma məntəqəsi ilə müştəriləri "Avro-5" standartlarının tələblərinə uyğun yüksək keyfiyyətli yanacaq məhsulları ilə təmin etməyə başlamışıq. Hazırda SOCAR brendi altında Rumıniya ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı artıq 32-yə çatıb. Bu il həmçinin şirkətimiz üçün əlamətdardır. "SOCAR Petroleum SA"-nın təsis olunmasının 5 ili tamam oldu. Ötən illərə nəzər salsaq deyə bilərəm ki, qısa müddət ərzində SOCAR Rumıniya bazarında möhkəmlənib. Sevindirici haldır ki, şirkət 2011-2014-cü illərdə investisiyalar həyata keçirərək 2015-ci ili xalis mənfəətlə başa vurub. Əlbəttə, əldə olunan bütün bu uğurların arxasında SOCAR rəhbərliyi ilə yanaşı, Rumıniya bazarında rəqabət qabiliyyətli, əzmlə çalışan, güclü və perspektivli "SOCAR Petroleum SA" kollektivi dayanıb.

- Bəs 2016-cı illə bağlı planlarınız nədən ibarətdir?

- Ümumiyyətlə "SOCAR Petroleum SA" yarandığı gündən daha yüksək hədəflərə çatmaq üçün qarşısına bəlli məqsədlər qoyub, Şərqi və Mərkəzi Avropa regionunda yaxın gələcək üçün nəzərdə tutulmuş inkişaf strategiyası işlənib hazırlanıb. Rumıniya bazarında neft məhsullarının pərakəndə və ya topdan satışı, eləcə də yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişləndirilməsi, onların sayının ilbəil artırılması istiqamətində uğurlu addımlar atılmaqdadır. Məlumat üçün bildirim ki, artıq 2 ildir şirkətimiz Beynəlxalq Standartlaşdırma Təşkilatının 4 sertifikatını əldə edib. Bunlar İSO 9001:2008 - Keyfiyyəti İdarəetmə Sistemi, İSO 18001:2008 - Əməyin və Sağlamlığın Mühafizəsinin İdarəetmə sistemi, İSO 14001:2005 - Ətraf Mühitin Mühafizəsi İdarəetmə sistemi və İSO 22000:2005- Qida (Ərzaq) məhsullarının Təhlükəsizliyi İdarəetmə sistemi standartlarıdır. Şirkətimiz ötən il uğurla reallaşdırdığı layihələrin bir qismini bu ildə davam etdirəcək, bununla yanaşı 2016-cı ildə bir sıra yeni layihələrimizi də təqdim edəcəyik. İcazənizlə bu layihələrin bəziləri haqqında sizə məlumat verim. Beynəlxalq Kart Satışı şirkətləri ilə əməkdaşlıq edərək beynəlxalq və yerli nəqliyyat şirkətlərini SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrimizdə yanacaqla təmin edirik, "SOCAR Acceptance card" vasitəsilə SOCAR müştəriləri məntəqələrimizin olmadığı bölgələrdə həmin kart vasitəsilə digər məntəqələrdən yanacaq əldə edə bilirlər. Hazırda "SOCAR Fleet card" layihəsi uğurla icra edilir və müştərilərimiz yanacaqdoldurma məntəqələrimizdən yanacaq doldurarkən müəyyən bonuslar da əldə etmiş olurlar. Rumıniya Nəqliyyat Nazirliyi ilə birgə reallaşdırdığımız - "Rovinieta" (yol vergisi) layihəsinə əsasən paytaxt Buxarestdən Rumıniyanın digər şəhər və rayonlarına səfər edənlər yol vergisini SOCAR kartları vasitəsi ilə və ya hər hansı formada SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrindən ala bilərlər. Əlbəttə bu il həmçinin SOCAR-ın sadiq müştəriləri üçün bəzi kampaniyaların təşkili də nəzərdə tutulub. Bu haqda məlumatlar isə mütəmadi olaraq internet və sosial şəbəkələrdə şəffaf formada qeyd edilir.

Şirkətimiz hər zaman ölkəmizlə bağlı sosial-mədəni tədbirlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin rumın ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən layihələrə daim dəstək olur. Beynəlxalq enerji sammitlərində, neft-qaz konfransları və sərgilərində Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər, reallaşdırılan layihələr barədə tədbir iştirakçılarına geniş məlumatlar verilir.

SOCAR-ın dəstəyi ilə Rumıniyanın dövlət və hökumət nümayəndələri, Parlamentin deputatları, bu ölkədə yaşayan həmvətənlərimiz və təhsil alan tələbələrimizin iştirakı ilə Novruz Bayramı, Respublika Günü və Müstəqillik Günü və digər bu kimi bayramlarımız qeyd olunur. 2011-ci ildən etibarən isə ənənəvi olaraq may ayının 10-da şirkətimizin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin doğum günündə "Heydər Əliyev Kuboku" mini futbol turniri təşkil olunur.

- Bir qədər öncə yanacaqdoldurma məntəqələrinizin fəaliyyəti və sayı barədə məlumat verdiniz. Bu il yeni məntəqələrin açılması nəzərdə tutulubmu?

- Rumıniya ərazisində SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin şəbəkəsi ilbəil genişlənir. Əgər 2011-ci ildə Rumıniya ərazisində SOCAR brendi altında 11 yanacaqdoldurma məntəqəsi ilə fəaliyyətə başlamışdıqsa hazırda ölkə üzrə məntəqələrin sayı 32-dir. Məntəqələrdə ümumilikdə 450-dən çox insan işlə təmin olunub. Şirkətimizin Rumıniya üzrə əhatə coğrafiyası da genişlənib, ölkənin şimal, şərq və qərbini də əhatə etməklə 15 regionda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud və Sibiuda yanacaqdoldurma şəbəkələrimiz fəaliyyət göstərir. Yaxın illər üçün qarşıya qoyulan əsas məqsədlərdən biri də bütün Rumıniyanı əhatə etməklə bu məntəqələrin sayını 100-ə çatdırmaq, bununla da yanacaq bazarının 10%-ə sahib olmaqdır. Bu ilin sonuna isə daha 6 yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır. İstifadəyə verilən yanacaqdoldurma məntəqələrində müştərilərə yüksək keyfiyyətli benzin və dizel tipli neft məhsulları təklif edilir, burada ənənəvi olaraq NAR kafe fəaliyyət göstərir, 24 saat pulsuz internet xidmətləri təqdim edilir. Bütün bunlarla yanaşı Rumıniyada bizim yaxın 10 il üçün də uzunmüddətli planlarımız mövcuddur. Xəzər dənizi bölgəsindən Rumıniya və digər Avropa İttifaqı ölkələrinin qaz təchizatı üçün bir neçə uzunmüddətli layihələr hazırlayırıq. Azərbaycanın mavi yanacağının Avropaya nəql edəcək AGRI, TANAP və TAP layihələri buna imkan yaradacaq.

- Nəhəng enerji layihələrinə bir az sonra qayıdarıq. Ötən ildəki fəaliyyətinizə dair daha bir sual vermək istərdim. Biz bilirik ki, şirkət iri vergi ödəyicilərindən biridir. Sirr deyilsə, ötən il "SOCAR Petroleum SA" Rumıniya büdcəsinə nə qədər vəsait ödəyib?

- Ötən il "SOCAR Petroleum SA"-nın ümumi gəliri təxminən 154 milyon ABŞ dolları təşkil edib. Şirkətimiz Rumıniya büdcəsinə 3 milyon ABŞ dolları vergi ödəyib. Onu da əlavə edim ki, 2014-cü ildə Rumıniya Ticarət Qeydiyyat İdarəsinin açıqladığı məlumata görə, xarici investorlar tərəfindən Rumıniyaya yatırılan sərmayəyə görə SOCAR 50 böyük xarici investor arasında üçüncü yerdə qərarlaşıb.

- AGRİ layihəsi ilə bağlı son durum nə yerdədir?

- Bildiyiniz kimi, ötən ilin iyun ayının sonlarında Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRİ) iştirakçı ölkələrinin Energetika nazirlərinin iclası keçirilib. İclasda Böyük Britaniyanın “Penspen” şirkəti AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırmasını təqdim edib və iclasın yekunu olaraq AGRİ layihəsi üzrə Birgə Bəyannamə qəbul edilib. Yaxın gələcəkdə isə AGRİ layihəsi üzrə iştirakçı dövlətlərin Energetika nazirlərinin növbəti iclasının keçirilməsi nəzərdə tutulur. Görüşdə sözügedən layihənin gələcək perspektivləri müzakirə olunacaq.

- Sonuncu sualım isə SOCAR rəhbərliyinin optimallaşdırılma siyasəti ilə bağlıdır. Bildiyimiz kimi, SOCAR xərclərinə qənaət etməyə, habelə bir sıra sosial layihələrin dayandırılması barədə qərar verilib. Bu qərar SOCAR-ın Rumıniya nümayəndəliyinin, o cümlədən sizin rəhbərlik etdiyiniz şirkətin fəaliyyətinə necə təsir edəcək?

- Son illər beynəlxalq aləmdə baş verən hadisələr, dünyada iqtisadi böhranın getdikcə daha da dərinləşməsi, ötən il ərzində bazarlarda neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi - bütün bunların fonunda təbii ki, Azərbaycan və digər neft ixrac edən ölkələrin müəyyən çətinliklərlə üzləşməsi qaçılmaz idi. Əlbəttə dünya bazarlarında neftin davamlı olaraq ucuzlaşması, Azərbaycan iqtisadiyyatının lokomotivi - SOCAR-ın da öz xərclərinin optimallaşdırılması istiqamətində müəyyən addımlar atmasına gətirib çıxarıb. Bununla bağlı SOCAR prezidenti Rövnəq Abdullayev ötən ilin sonunda müvafiq əmr imzalayıb. Əmrə əsasən mövcud xərcləri sıfıra endirmək məqsədilə 2016-cı ilin yanvar ayının 1-dən SOCAR-ın nümayəndəliklərinin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürülməsinin təmin edilməsi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR